Məni daha yaxından tanıyın

Bu səhifədə yalnız peşəkar tərəfimlə deyil, psixologiyaya olan baxışım və insanlarla qurduğum yanaşma ilə də tanış ola bilərsiniz.

Mən kiməm?

Mən, Gülsüm Əfəndiyeva — hər insanın özünəməxsus hekayəsinə hörmətlə yanaşaraq, özünü daha dərindən anlaması və sağlam dəyişikliklərə addım atması üçün təhlükəsiz, empatik və elmi əsaslı bir məkan yaratmağa çalışan psixoloqam.

Təhsilim

2022–2026-cı illərdə Qərbi Kaspi Universitetində psixologiya üzrə ali təhsil almışam. Təhsil müddətində insan davranışı, idrak prosesləri, psixoloji qiymətləndirmə və tətbiqi psixologiya sahələrinə maraq göstərmiş, nəzəri biliklərimi elmi tədqiqatlar və praktik fəaliyyətlərlə genişləndirmişəm.

Beynəlxalq təcrübə

Work and Travel USA proqramı çərçivəsində ABŞ-da beynəlxalq iş mühitini və fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət təcrübəsini yaxından tanımaq imkanı əldə etmişəm. Bu təcrübə mədəniyyətlərarası kommunikasiya, komandada əməkdaşlıq və fərqli sosial mühitlərə uyğunlaşma kimi bacarıqların inkişafı baxımından əhəmiyyət daşıyır.

AIESEC Global Volunteer Belqradda beynəlxalq könüllülük layihəsində iştirak edərək xüsusi dəstəyə ehtiyacı olan şəxslərlə işləyən Zvimo Zajedno assosiasiyasının fəaliyyətinə qoşulmuşam. Layihə çərçivəsində Azərbaycan mədəniyyətini tanıdan interaktiv məşğələlər, sensor fəaliyyətlər, diqqət və yaddaşın yoxlanılmasına yönəlmiş tapşırıqlar, yaradıcılıq və sosial ünsiyyəti təşviq edən fəaliyyətlərdə iştirak etmişəm. Bu təcrübə inklüziv yanaşmanın, fərdi ehtiyacların nəzərə alınmasının və sosial inteqrasiyanın əhəmiyyətini praktik mühitdə müşahidə etməyimə imkan verib.

Elmi fəaliyyət və konfranslar

Elmi fəaliyyətim 2022–2026-cı illərdə PhD Natəvan Kərəmova tərəfindən yaradılmış WCU Science Group çərçivəsində formalaşıb və həyata keçirilib. Qrupda lider və elmi fəaliyyətlər üzrə koordinator kimi elmi layihələrin və akademik tədbirlərin planlaşdırılması, təşkili və icrası, komanda üzvləri arasında vəzifə bölgüsünün aparılması, fəaliyyətlərin koordinasiyası və universitet rəhbərliyi ilə əlaqələrin qurulmasına məsul olmuşam. Eyni zamanda, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, akademik əməkdaşlığın təşviqi və yeni elmi təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərmişəm. Yerli və beynəlxalq konfranslarda elmi məqalə və tezislərlə çıxışlarım, eləcə də tədqiqat fəaliyyətlərim bu elmi mühit çərçivəsində inkişaf edib.

 

 

 

“Bilik insanın sahib olduğu bir nəticə deyil, daim axtardığı bir üfüqdür.”